Atom Enerjisi Beynəlxalq Agentliyinin (AEBA) proqram meneceri xanım Katherina Deufrains İRİA Nüvə Tədqiqatları Departamentində AEBA layihələrinin icra göstəriciləri ilə tanış olub

alarm Created with Sketch. 26-04-2023

Atom Enerjisi Beynəlxalq Agentliyinin (AEBA) Texniki Əməkdaşlıq Departamentinin Avropa Bölməsi üzrə proqram meneceri xanım Katherina Deufrains İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Nüvə Tədqiqatları Departamentində AEBA layihələrinin icra göstəriciləri ilə tanış olub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Nüvə Tədqiqatları Departamenti (İRİA NTD) tərəfindən AEBA-nın AZB 1004 nömrəli “Azərbaycanda nüvə və radioaktiv materialların monitorinq və ekspertizası üzrə milli laboratoriyanın imkanlarının genişləndirilməsi” adlı texniki əməkdaşlıq üzrə milli layihəsini icra edir.

Nüvə Tədqiqatları Departamentinin müdiri Cəlal Nağıyev AEBA və Ukraniya Elm Texnika Mərkəzinin layihələri çərçivəsində Azərbaycan Respublikasında nüvə və radioaktiv materialların analizi, identifikasiyası və ekspertizası məqsədi ilə yaradılan laboratoriyanın imkanları və ölkəmizdə bu xidmətlərdən istifadə edən qurumlar haqqında xanım Deufrainsə ətraflı məlumat vermişdir.

Avropa Bölməsi üzrə proqram meneceri xanım Katherina Deufrains İRİA NTD-nin nüvə və radioaktiv materialların analizi və ekspertizası üzrə laboratoriyaların beynəlxalq tələblərə uyğun formalaşması üçün göndərilmiş ümumi dəyəri 296 000,00 avro olan cihaz, avadanlıq və radiokimyəvi analiz üçün standartlarla tanış olmuş və layihənin gedişi üzrə məlumatlandırılmışdır.

Görüşdə İRİA NTD tərəfindən 2024-2025-ci illərdə icra ediləcək AZB 1005 “Azərbaycanda siklotronda tibbi izotop istehsalı, ayrılması və təmizlənməsi imkanlarının genişləndirilməsi” və “Radiasiya texnologiyasında keyfiyyətin idarəedilməsi sistemlərinin təkmilləşdirilməsi” adlı layihələrində nəzərdə tutulmuş cari işlər də müzakirə edilmişdir.